- Bizi bu günə necə qoydular
-

bakikuleyi
- October 21st, 2011
Oktyabrın 19-da Bakıdan Tiflisə uçurdum. Az sonra məlum oldu ki, təyyarədə biznes-klas olmadığından çıxışa yaxın sıralardan birində bir VİP qonaq oturur. AZAL nümayəndəsi gəlib o sıraya bileti olan bir gürcünü qaldırıb, mənim yanıma oturtdu.
Əvvəl səhvən yanlış sıraya oturduğunu və yerdəyişmənin qanuni tələb olduğunu düşünən gürcü qonşum sonra uçuş kartına bir də baxıb gördü ki, yox, elə sıra onunku imiş. Qalxıb yerinə keçmək istədi, amma ona dedilər ki, bu sırada başqa adam oturacaq və yenidən geri qaytardılar. Sonra gördük ki, həmin iki nəfərlik sırada təkbaşına oturan adam daxili işlər nazirinin müavini Vilayət Eyvazovdur. Onun arxasında köməkçisi yaxud cangüdəni əyləşmişdi.
Yerinin yeni sahibinin kimliyini qonşuma dedim. Bir az çaşmışdı. Dedi ki, Gürcüstanla Azərbaycan bu baxımdan fərqlidir. Gürcüstanda nazir böyük adam deyil. Azərbaycanda isə bir nazir zəngi ilə qapılar açılır, adamlar dərhal davranışını dəyişir, elə bu hadisə də onlardan biri. Hərçənd ki, burda söhbət heç nazirdən də yox, nazir müavinindən gedirdi. Dedi, sizdə nazirlər çox güclüdür. Səbəbini soruşdu və son günlər üzərində çox düşündüyüm izahı ona verdim. Dedim ki:
Azərbaycanda nazir güclü deyil, vətəndaş zəifdir. Və buna nail olmaq üçün düşünülmüş bir sistem qurulub. Ölkə vətəndaşı suç ortağına, gözüqıpıq cinayətkara çevrilib. Necə?
GECƏQONDULAR ÖLKƏSİ
Bakıda ən azı, 400 mindən artıq qanunsuz ev var. Bu evlərin sakinləri gözüqıpıq və zəifdir. Səslərini çıxarsalar, evlərini sökərlər. Necə yarandı bu qanunsuz evlər? Rayonlarda iş yox idi. Adamlar Bakıya gəlib ev almaq istədilər, torpaq alıb ev tikmək istədilər. Bazarda isə qanuni torpaq təklifi çox az idi. Niyə? Çünki Bakı şəhərinin kadastrı yoxdur. Hökumətin paytaxtın torpaq sahibliyini müəyyənləşdirmək kimi vacib bir iş "yadından çıxıb". 1999-dan bəri yaranan bələdiyyələrin satdığı bütün torpaq sahələri də qanunsuzdur. Çünki onların torpaq sahələrinin xəritəsi də cızılmayıb. 2009-cu ildə prezident tapşırıq verib ki, kadastr hazırlansın. Hələ də işə başlamaq üzrə tərəqqi edirlər )).
Qanunsuz evdə yaşamağın stressi sizə asan gəlməsin. Onu tikəndə kimlərisə pulla susdurmalısan, sonra da onu sökməsinlər deyə, özün susmalısan. Beləcə olursan özünün seçmədiyin cinayətin lal-kar suç ortağı.
NADÜRÜST SAHİBKARLAR ÖLKƏSİ
2009-cu ilin statistik göstəricilərinə görə, ölkədə 205 mindən artıq kiçik sahibkarlıq subyekti var. Azərbaycan sahibkarı zorən suç ortağıdır. Necə?
Gömrükdə rəsmiləşdirmədən yayınan mallar ölkənin qara iqtisadiyyatının önəmli faktorudur. Məsələn, ölkəyə gətirilən yağ (idxal monopoliyasında olan məhsullardan biri də yağdır) gömrükdə rəsmiləşdirilmədən keçirsə, həmin yağı satan da onu rəsmiləşdirmədən satmalı, ondan nəsə (şirniyyat, yemək və s.) istehsal edən də rəsmiləşdirmədən etməlidir. Sonra vergi müfəttişi gəlir, vergidən yayınan istehsala görə cərimə yaza bilər. Hətta həbs də edə bilərlər səni. Nə etməli? Məcbur olursan indi də onları pulla susdurmağa. Özün də kirimiş oturursan ki, heç kimin qəzəbinə tuş gəlməyəsən, yoxsa səni zorən ortaq etdikləri cinayətlərin cəzasını elə özünə çəkdirərlər.
Mövzunu savadsız həkimlər, saxtakar müəllimlərlə davam etdirmək olar. Amma məncə məntiqi anladınız. Anlamasanız yazın, davam edək.